


Ailə milli mənəvi dəyərlərin qarantıdır.
Ulu Öndər Heydər Əliyev
CƏMİYYƏTDƏ ERKƏN EVLİLİK
"Erkən evlilik cəmiyyəti narahat edən ən başlıca problemlərdən biridir.
Azərbaycanda nikah yaşı 18-dir. Lakin istisna hallarda nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verilə bilər və tərəflər 17 yaşında nikaha daxil ola bilərlər. Azərbaycan qanunvericiliyinə görə, erkən evlilik(erkən nigah) 18 yaşından kiçik oğlanların və qızların ailə qurması və birgə yaşamasıdır: Erkən evliliyə həm qızlar həm də oğlanlar cəlb edilir. Qızlar daha çox erkən evliliyə cəlb olunur. Erkən evlikdə valideynlərin rolu böyükdür. Onlar övladlarının gələcyini düşünmürlər. Elə hesab edirlər ki, ailə qurmaqla işlərini tamamlamış olurlar. Sonradan isə əksəriyyəti acı nəticələrlə qarşılaşır. Bu vaxt isə çox gec olur. Erkən evliliyə təhrik olunanlar çox ciddi sağlamlıq problemlərinə məruz qalır. Hətta bəzən ana və körpə ölümünə səbəb olur. Çünki bu yaşda olan qızlar nə psixoloji nə də fizioloji cəhətdən ana olmağa hazır deyillər. Ümumiyyətlə, erkən qurulan ailərdə nigahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur”.
Erkən nikahların baş verməsində məsuliyyət kimin üzərinə düşür?
İnsanlar dərk etməlidirlər ki, onlar övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri, həm müxtəlif növ zorakılıqlara səbəb olur, həm də hüquqi baxımdan məsuliyyət yaradır. Obyektiv yanaşsaq, burada tək məsuliyyət valideynin üzərinə düşməməlidir, həm də orta məktəbin və məktəb rəhbərliyinin məsuliyyəti olmalıdır. İşlədiyim məktəb dövründən xatırlayıram ki, o zaman sinif rəhbərləri dərsə gəlməyən şagirdlərin arxasınca gedirdilər. Müşahidə etdiklərimə görə, deyə bilərəm ki, bir çox valideynlər məktəb direktorları ilə "razılaşırlar" ki, mənim övladım dərsə gəlməsin. Çünki, artıq ya nişanlıdır, ya da molla kəbini ilə ailə qurub. Hesab edirəm ki, bununla bağlı həm də cəmiyyət tərəfindən ictimai qınaq olmalıdır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176-cı maddəsinin birinci bəndində göstərilir ki, insanı nikaha məcburetməyə görə iki min manatdan üç min manata qədər cərimə və iki ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunur. Yəni kimliyindən asılı olmayaraq, qanunla yaşı çatmayan birini heç kimsə nikaha məcbur edə bilməz. Həmin maddənin ikinci bəndində isə nikah yaşına çatmayan insanı nikaha məcbur etməyə görə dörd min manata qədər cərimə və yaxud dörd ilə qədər həbs nəzərdə tutulur. Məcbur edənin ata və ana, yaxud digər yaxınların olmasından asılı olmayaraq, CM-də açıq cəzalar müəyyənləşib.
Erkən nikah problemini aradan qaldırmaq üçün hansı tədbirləri görmək lazımdır?
Qeyd olunan problemlərin həll olunması isə onlarıın səbəblərinin aradan qaldırılmasından və həmin bölgə, kənd və məktəblərdə ciddi maarifləndirmə işlərinin aparılmasından keçir. Erkən nikahlarla bağlı maarifləndirmə işləri yalnız uşaqlar və şagirdlər arasında aparılsa, bir o qədər də effektli olmayacaq. Çünki, bu haqda məktəbliyə nə qədər yeni informasiya verilsə də, evdəki mühitdə yenə valideyndən asılı vəziyyətdə qalır. Ona görə də, maarifləndirməyə eyni zamanda müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaqdır. İnsanlar hərtərəfli məlumat aldığı zaman övladını erkən nikaha məcbur etməyin hansı nəticələr verə biləcəyini anlayacaqdır. Maarifləndirmənin əsas məqsədi erkən nikahın qanun pozuntusu olmaqla yanaşı, həm də insan psixologiyasına, xüsusilə də azyaşlı qızların sağlamlığına təhlükə yaratdığını və böyük fəsadlara yol açdığını aşılamaq olmalıdır. Eyni zamanda erkən yaşda ərə verilən qızlar 18 yaşından aşağı olduğu üçün heç bir hüquqi zəmanət olmadan, molla kəbini ilə ərə verilirlər. Molla kəbini isə heç bir hüquqi məsuliyyət kəsb etmir. Boşanmalar baş verdikdə isə rəsmi nikah olmadığından həmin insanlar heç bir mülkiyyət hüquqi əldə edə bilmirlər. Bu cür maarifləndirmə nəticəsində həm də mülkiyyət hüquqlarının pozulması problemi insanların nəzərinə çatdırılmalıdır. Erkən nikahlar psixoloji fəsadlar yaratdığından, maaarifləndirmə işləri həm də, insanlarla psixoloji aspektdə aparılmalıdır. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Paralel şəkildə təhsilə yönləndirmə olmalıdır. Təhsil çox vacib amildir. Ən azından ibtidai təhsilli bir xanımla, orta məktəbi tam olaraq bitirmiş bir xanımın ailəsində çox böyük fərqlər olur. Bu qarşılıqlı münasibətdə, övlad yetişdirməkdə özünü çox aydın biruzə verir. Təhsil həm psixoloji, həm sosioloji, həm də fiziki cəhətdən təsiredici amil kimi qiymətləndirilir. Buna görə də, valideynlər öz övladlarını erkən nikaha sövq etməkdən çəkinməli, onların təhsillərini bitirmələrinə imkan tanımalıdırlar. Onlar ənənəvi düşüncə tərzindən uzaqlaşmalı və bu kimi davranışlardan çəkinməlidirlər. Psixoloq və həkimlərin rəylərində evlilik üçün optimal yaş həddi 19-30 arası yaş sayılır. Azərbaycanda evliliyin yaş həddi dövlət tərəfindən qızlar və oğlanlar üçün 18 yaşdır. Buna baxmayaraq, bu gün ölkəmizdə hələ də “Erkən nikahlar və uşaq hüquqlarının pozulması” prosesi davam edir. 2015-ci ilin sonunda Bakıda keçirilən “Erkən nikahların qarşısının alınması imkanlarının gücləndirilməsi” beynəlxalq konfransı ortaya bir sıra məsələlər çıxardı. Tədbirdə erkən nikahların sayının çoxaldığı xüsusi qeyd edildi. Hazırda Erkən nikahlar cəmiyyətimizin həllini gözləyən problemlərindən olsa da, qətiyyən qarşısında aciz olduğumuz problemlərdən deyil. Təcrübə sübut edir ki, ölkədə ciddi şəkildə qanunun aliliyini və işləkliyini təmin etməklə, vətəndaş məsuliyyətini və maarifçilik tədbirlərini artırmaqla bu problem həll etmək yaxud problemin miqyasını əhəmiyyətli dərəcədə kiçiltmək mümkündür.