


Ailə milli mənəvi dəyərlərin qarantıdır.
Ulu Öndər Heydər Əliyev
Bəzi ailə problemləri və həlli yolları
Ailədə qeyri-sağlam münasibətlər fərdlərin psixi vəziyyətinə mənfi təsir göstər, ardıcıl səhvlərə yol verilməsinə səbəb olar. Ailə hüzuru pozulduqdan və hətta yuva dağıldıqdan sonra tərəflərdən birinin haqlı və ya haqsız olması heç bir əhəmiyyət daşımaz.
Bu səbəbdən problemlərin uzun müddət davam etməsinə imkan verilməməli, bir tərəf digərinin səhvindən sonralar əldə əsas kimi istifadə etmək niyyətində olmamalı, münasib olan ən qısa vaxtda soyuqqanlılıqla problemin həllinə cəhd göstərilməlidir. Əgər tərəflər qarşılıqlı şəkildə xoşməram göstərərlərsə, onda problemi asanlıqla həll etmək mümkün olacaqdır. Yox əgər burada başqa məqsədlər güdülürsə, bu zaman problemin həlli bəlkə də qeyri-mümkünə çevriləcəkdir. Problem ər və arvadın həll edə bilməyəcəyi qədər böyüdükdə isə böyüklərin məsələyə müdaxiləsinə şərait yaradılmalı, öz növbəsində onlar bu işi Allaha xatir ədalətlə yoluna qoymağa çalışmalıdırlar. Bu, həm də Quranın tövsiyəsidir (Talaq, 2). Fikrimizcə, ailədaxili problemlərin yaranmasına gətirib çıxaran bəzi davranışlar və onların həlli yolları aşağıdakı kimidir:
1. Müsbət yanaşmama
İslam hüququnun əsas prinsiplərindən ikisi belədir: Yanlış hərəkətə yol verməyən hər kəs günahsızdır və əksi sübut edilənədək şəxsin özü haqqındakı söylədikləri nəzərə alınır. Bu səbəbdən hər yerdə olduğu kimi ailədə də lüzumsuz şübhələrdən, sui-zəndən çəkinmək gərəkdir.
Həlli: Konstruktiv və xoşməramlı yanaşma
Əgər ailədə hər kəs bu və ya digər işi öz lehinə çevirmənin, habelə öz nüfuzunu artırmanın yolları haqda düşünürsə, deməli, burada xoşməramlılıq problemi vardır. Ailənin hər bir üzvü onun inkişafı və xoşbəxtliyi üçün nə etməli olduğu barədə düşünməli və buna çalışmalıdır. Ailədə bir nəfər xəstələndiyi zaman evə qüssə hakim olduğu kimi, fərdlərdən birinin qəlbi xəstələndikdə, yəni, niyyəti qeyri-sağlam olduqda hamının rahatlığı pozulacaqdır.
2. Gərgin iş tempinin səbəb olduğu stress
Bütün günü işləyən ata axşam evə gəldikdə istirahət etməyin və onun qulluğunda durulmasının haqqı olduğunu düşünür. Əgər ailədə ər və arvadın hər ikisi işləyirsə, onda axşamları və həftənin sonunda istirahət etmək, ev işi görmək, uşaq vardırsa, onun da qayğısına qalmaq və ailə xərcləri problemə səbəb ola bilir.
Həlli: Paylaşmaq
“Həyat müştərəkdir” sözü artıq bir qayda-qanuna çevrilsə də əksər hallarda xanımlar bu qaydanı ərlərinin yadına salmağa məcbur olurlar. Ər və arvadın hər ikisinin işlədiyi ailələrdə kişinin də işin bir ucundan yapışması ən azı onun insani və vicdani borcudur. Əgər ev işlərinin görülməsində bir axsama vardırsa, bu, anlayışla qarşılana bilər. Amma axsama adiləşmişsə, bu bir problemdir və onun həlli üçün oturub danışılmalıdır. Əgər ailədə kişi haqlı səbəblərdən dolayı iş tapa bilmirsə, qadın onu daha çox incitməməyə çalışmalıdır. Ancaq işləməməyə səbəb tənbəllikdirsə, bu özü ayrıca bir problemdir.
3. İşin çoxluğundan yol verilən səhlənkarlıq
Cəmiyyətdə bəzən aylıq məvaciblə işləyənlərin iş saatlarından sonra da çalışaraq, şəxsi iş yerləri olanların isə yatmaları istisna edilərək, bütün vaxtını işlərinə sərf edərək, daha çox pul qazanmağa səy göstərdiklərini, bu səbəbdən, həyat yoldaşlarına və uşaqlarına daha az vaxt ayırdıqlarına şahid oluruq. İşini evində də görmək və iş yerindəki abı-havanı evə də gətirmək özü bir problemdir. Xanımı və uşaqları ilə lazımi qaydada ailə həyatı yaşamayan bir ata bir çox problemə zəmin hazırlamış olur.
Həlli: Müəyyən dövrlərdə doğru-düzgün birgə həyat
Tamamilə işə aludə olaraq, ailəsinə, uşaqlarına qarşı laqeyd davranan atalar atalıq vəzifəsini layiqi ilə yerinə yetirmədiklərini unutmamalıdırlar. Pul qazanmaqla yanaşı, övladlarının təlim-tərbiyəsi, sosial və mənəvi tələbatını qarşılamağa çalışmaq da atanın vəzifələrindəndir. Doğrudur, pulsuz xoşbəxtlik çox çətindir, amma yalnız pulla da xoşbəxtlik mümkün deyildir.
4. Dəb və lüks düşkünlüyü
Dəb, onunla ayaqlaşmaq məqsədilə istehlakı sürətləndirmək üçün böyük sərmayə dairələri tərəfindən irəli sürülən bir istismar sistemidir. Lüks malların tədarükü də nümayişkaranə surətdə rahatlıq tapma məqsədi güdür. Dəb və lüks xərcləri artıran amildir. Sabit gəliri olan bir insan getdikcə çoxalan ehtiyaclarını qarşılamaq üçün daha çox işləməyə məcbur olacaqdır.
Həlli: Lazım olduğu qədər xərcləməli
İnsan ehtiyacı olan bir malı alarkən, onun dəbə uyğun olub-olmamasına diqqət yetirə bilər. Ancaq istifadəyə yararlı ikən dəblə ayaqlaşmaq üçün mövcud olan malı tullamaq isə israfdır, deməli, dini baxımdan haramdır.
5. Başqalarına görə yaşamaq kompleksi
Şəxsiyyəti formalaşmamış və ya tam inkişaf etməmiş, özünəinamını itirmiş və cəmiyyətdə hörmət və nüfuz qazanmamış şəxslər və ya ailələr davamlı şəkildə digərlərini izləyərək, özlərini və övladlarını başqaları ilə müqayisə edərək, ətrafındakı insanların özləri haqqında nə düşünəcəklərini dərd edərək, yaşayırlar. Bu tip komplekslər ailədə böyük problemlərə səbəb ola bilir.
Həlli: Özü kimi yaşamalı
Digər insanlara oxşamağa çalışaraq, yaşamaq arzusu ilə heç nə əldə etmək mümkün deyildir. Hər kəsin imkanları, qabiliyyəti, ehtiyacları fərqlidir. İnsanlar öz şəxsiyyətləri ilə tanındıqları zaman ətrafdakıların hörmətini qazanan fərdə çevrilirlər. Əgər qonşunun aldığı hər hansı bir əşya bizə müəyyən bir ehtiyacımızı xatırlatmışdırsa nə yaxşı; yox, əgər belə deyilsə, “xeyirli olsun” demək, yeganə doğru yoldur. Həmçinin, uşaqları qabiliyyətlərini nəzərə almadan həmyaşıdları ilə müqayisə etmək olduqca səhv addımdır. Bir insan doğru olduğunu düşündüyü hərəkəti etdiyi vaxt digərlərinin onun haqqında nə fikirləşdikləri barədə narahatlıq keçirməyəcəkdir.
6. Əxlaqi qüsurlar
Zina, içki, qumar, yalan, valideynlərə itaətsizlik, həddindən artıq qısqanclıq, təkəbbürlülük, qürur və digər böyük günahlar insanın əsilzadəliyinin pozulması, ailə fərdlərinin bir-birinə və başqalarına olan hörmətini itirməsi, evin rahatlığını və bərəkətini yox etməsi kimi bir çox dağıdıcı təsirə malikdir.
Həlli: Əxlaqlı mömin olmaq
Namus xüsusunda iffətli görünmək kifayət deyildir. Bu iffətə, təmizliyə kölgə salacaq hər cür yaxınlıqdan, səmimiyyət və dialoqdan da uzaq dayanmaq tələb olunur.
7. Qaynana və qayınatanın yerli-yersiz müdaxilələri
Həlli: Təcrübələrindən faydalanaraq hörmət və ehtiramı qoruyub-saxlamaq gərəkdir.
8. Eqoist davranışlar
Ailədə səhv hərəkətlərin, qərarların, fikirlərin və işlərin münasib formada tənqidi və yerində xəbərdarlıq edilməsi, hətta yol verilən yanlış addıma müvafiq cəzalandırma vacibdir. Ancaq unudulmamalıdır ki, bu zaman tənqid insanın şəxsiyyətinə deyil, yol verdiyi hərəkətə edilməlidir. Veriləcək cəza ilə səhvə yol verən insanın dəyərli olduğu, lakin yol verdiyi davranışın yanlış olduğunun qarşısındakı insanı məyus etdiyi bildirilməlidir.
Həlli: Birgə fəaliyyət
9. Boşanma
Peyğəmbərimizin bildirdiyinə görə, boşanma Allahın ən çox sevmədiyi halaldır. Sağlam niyyətli bir insan evləndiyi zaman bir müddət sonra boşanacağı haqda fikirləşməz. Lakin tərəflərin evləndikdən sonra bir-birlərini yaxından tanıdıqları vaxt həqiqətən düzgün qərar qəbul etmədiklərinin fərqinə vara bilərlər. Evliliyin ilk aylarında bir sıra məyusedici halların baş verməsi mümkündür. Belə olduqda: “Evlənməklə səhv etmişik” kimi tələsik qərara gəlib, boşanma məsələsi dərhal gündəmə gətirilməməlidir. Ər və arvadın bir-birinə öyrəşməsi üçün bir qədər vaxt tələb oluna bilər.
Ər və arvadın evliliyi davam etdirmələri artıq qeyri-mümkünə çevrilmişsə və qarşıda böyük problemlərlə üzləşəcəkləri yəqindirsə, onda boşanma da problemdən bir çıxış yoludur. Xoşbəxtlik qiymətsizdir. Sevgi və hörmət xoşbəxtliyin mayası, xoşbəxt bir yuvanın bünövrəsidir. Eqoistlik və əxlaqsızlıq isə yuvanı dağıdan partlayıcıdır. Artıq burada fərdin özü qərar verməlidir. Adəm övladı bu dünyada da, axirətdə də öz cənnətini və ya cəhənnəmini özü hazırlayır.
Bir dəfə xanımı ilə mübahisə edən bir şəxs Hz. Ömərlə məsləhətləşmək üçün onun evinə yollanır. O, evə yaxınlaşdıqda Hz. Ömərin həyat yoldaşı ilə ucadan mübahisə etdiyini eşidərək, heç bir şey demədən geri qayıdır.
Yenə bir dəfə Hz.Əli Hz.Fatimə ilə mübahisə edir, inciyərək məscidə gəlir. Allah elçisi Hz. Əlinin ovqatının yaxşı olmadığını və bir müddət sonra isə oradaca yatdığını gördükdə, vəziyyəti başa düşərək, qızının yanına gedir, baş verənləri ondan öyrənir. Peyğəmbər daha sonra məscidə gedərək, Hz. Əlini oyadır, evinə aparır və onu Hz. Fatimə ilə barışdırır.
Deməli, kiçik problemlər hər yerdə baş verir. Əhəmiyyətli olan isə problemi gülün tikanı sayaraq, ailə rahatlığını pozmamaqdır.
Məsləhət
Ailəmizə sevərək sahib çıxmalıyıq. Sevgi hər şeyin başlanğıcıdır. Ailənin olması vacibdir. Ailə sevincləri, üzüntüləri ilə gözəldir. Ailənin özəyi möhkəm qurularsa və qorunularsa biz bu zaman xoşbəxt olan ailədən söz aça bilərik. Və sonda xoşbəxt ailə mənim üçün:
1) Bir-birinə sevgi və hörmətlə yanaşmalı;
2) Biri-birinə inanmalı və güvənməli;
3) Biri-birinə verdikləri sözü unutmamalı
Xoşbəxtlik bir yerdə qocalmaqdır.









![]() | ![]() | ![]() |
---|---|---|
![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() |